“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin zərəri 971.5 min manat olub

13:57 - 2.06.2025


2 iyun, Fineko/abc.az. 2023-cü ili 463.8 min manat xalis mənfəətlə başa vuran “CFI Financial İnvestisiya Şirkəti” QSC 2024-cü ildəki xalis zərəri 971.5 min manat təşkil edib.

ABC.AZ xəbər verir ki, investisiya şirkətinin ümumi gəlirləri ötən illə müqayisədə 75%-dən çox azalıb.

Belə ki, 2023-cü ildə gəlirlər 760.09 min manat idisə, 2024-cü ildə bu göstərici cəmi 191.2 min manata düşüb. Konsaltinq xidmətlərindən əldə olunan gəlir 217.5 min manatdan 100.2 min manata, portfelin idarə olunmasından gəlir isə 489.8 min manatdan 53 min manata enib.

Cəmi xərclər 2023-cü ildəki 1 milyon 99 min manatdan 2024-cü ildə 874.6 min manata düşsə də, gəlirlərdəki azalma fonunda bu, zərəri önləyə bilməyib. Əməliyyat zərəri 874.6 min manat təşkil edib ki, bu da 2023-cü ildəki 339.2 min manatlıq əməliyyat zərərinin iki dəfədən çox artması deməkdir.