Dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat ötən il nəyə xərclənib?

17:13 - 28.01.2025


28 yanvar, Fineko/abc.az. 2024-cü ildə Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 471,6 milyon manat vəsait ayrılmış, həmin vəsaitin 470,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilib.

ABC.AZ xəbər verir ki, açılmış maliyyələşmənin 99,7 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən respublikanın bir sıra şəhər və rayonlarında avtomobil yollarının əsaslı təmiri və yenidənqurulması işlərinin həyata keçirilməsinə, hesabat ilinin noyabr ayında Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP 29) ilə bağlı hazırlıq tədbirləri çərçivəsində Bakı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsinə, 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının tikintisinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zərər vurulmuş obyektlərin bərpası və təmir-tikinti işlərinin yekunlaşdırılmasına, tibbi avadanlıq və xüsusi təyinatlı nəqliyyat vasitələrinin alınmasına, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi ilə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilib.