Bu halda kredit verilişi dayandırılacaq - Yeni model

14:27 - 8.01.2025


8 yanvar, Fineko/abc.az. “Mərkəzi Bank davranış modelləri əsasında kreditləşməyə dair qaydaları təsdiq edib. Davranış modelləri əsasında bankların fərdi sahibkarlara və fiziki şəxslərə kredit verməsi nəzərdə tutulur. Bununla belə, bu model kreditləşmə ilə bağlı müəyyən məhdudiyyətlər də tətbiq edir. Belə ki, banklar kredit portfelinin 10%-dən artıq olmamaq şərti ilə davranış modelləri əsasında kredit təklif edə biləcək. Eyni zamanda, davranış modeli əsasında verilmiş və 90 gündən çox gecikdirilmiş kreditlərin həcmi həmin kredit portfelinin 10%-nə çatdıqda model əsasında kreditlərin verilməsi dayandırılacaq”.

ABC.AZ xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

Deputat qeyd edib ki, bu modelin tətbiqinə başlanılması iki vacib məsələni aktuallaşdırır: Birincisi, Azərbaycan bankları bu modelin tətbiqinə hazırdırlarmı? İkincisi, bu modelin tətbiqi borclanma risklərini artıra bilərmi və eləcə də kreditləşmədə məhdudiyyətlərə səbəb olarmı?

O bildirib ki, davranış krediti modeli uzun müddətdir ki, inkişaf etmiş ölkələrdə tətbiq olunur:

“Rəsmi gəlirlər, ödəniş tarixi kimi statistik məlumatlara əsaslanan ənənəvi kredit riski profilindən fərqli olaraq, bu model xərcləmə vərdişləri, əməliyyat tezliyi və rəqəmsal iz kimi dinamik dəyişənləri nəzərə alır".