Naxçıvanda maliyyə pozuntusu - 32,5 milyon manatın aqibəti necə olacaq?

10:13 - 19.12.2024


19 dekabr, Fineko/abc.az. Bu ilin yanvar-noyabr aylarında Hesablama Palatası Naxçıvan Muxtar Respublikasında 7 audit keçirib, bunlarının hamısının nəticələri artıq rəsmiləşdirilib.

ABC.AZ xəbər verir ki, bunu qurumun sədri Vüqar Gülməmmədov Naxçıvan şəhərində keçirilmiş Maliyyə Forumunda bildirib.

“Auditlər nəticəsində 32,5 milyon manat vəsaitin pul, natura və əvəzləşmə formasında bərpa edilməsinə dair qərar qəbul olunub. Eyni zamanda, 5 auditin nəticələri üzrə materiallar hüquq-mühafizə orqanlarına göndərilib. Həmçinin səlahiyyətləri çərçivəsində tədbirlər görülməsi üçün 5 auditin nəticələri yerli Nazirlər Kabinetinə təqdim olunub”, – deyə o qeyd edib.

Sədrin sözlərinə görə, pozuntulara səbəb olan faktların araşdırılması göstərir ki, qurumların daxili nəzarət mexanizmlərində zəiflik var.