Türkiyə bu ölkədən 20 il ərzində 300 milyard kubmetr qaz almağı planlaşdırır

16:35 - 5.09.2024


5 sentyabr, Fineko/abc.az. Türkiyə 20 il ərzində Türkmənistandan özü və Avropa bazarına ixracı üçün 300 milyard kubmetr qaz almağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Aşqabaddakı səfiri Ahmet Demirok məlumat verib.

O xatırladıb ki, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar iyul ayında Türkmənistana səfər edib və onun hakimiyyəti ilə Türkmənistanın təbii qazının Türkiyə və Avropa bazarlarına çatdırılması, həmçinin elektroenergetika və mədən sənayesi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı danışıqlar aparıb.

"Mətbuata verdiyi müsahibədə Bayraktar bildirib ki, birinci mərhələdə Türkmənistandan 2 milyard kubmetr təbii qazın svop üsulu ilə, uzunmüddətli perspektivdə isə 15 milyard kubmetr qazın Xəzər dənizindən keçən qaz kəməri vasitəsilə 20 il ərzində ümumi həcmi 300 milyard kubmetr olmaqla çatdırılması planlaşdırılır. Bayraktar bildirib ki, danışıqlar zamanı Türkmənistandakı təbii qaz yataqlarında birgə hasilat məsələsi müzakirə olunub, həmçinin [Türkiyə dövlət şirkəti] BOTAŞ ilə əlaqədar türk şirkətləri ilə Türkmənistan tərəfi arasında əməkdaşlıq imkanları, o cümlədən təbii qazın saxlanması və paylanması məsələləri qiymətləndirilib", - deyə Demirok Anadolu xəbər agentliyinə müsahibəsində bildirib.