21:37 - 17.08.2026
17 avqust, Fineko/abc.az. ABŞ-ın çip istehsalçısı "Nvidia", "OpenAI" şirkətinin Ogayo ştatında quracağı süni intellekt fabriki layihəsi çərçivəsində "SB Energy"yə 1,5 milyard dollar investisiya yatıracağını elan edib.
Məlumata görə, "Nvidia" Ogayodakı "PORTS-Pike" Texnologiya Kampusunda ərazi, enerji və tikinti tutumunu zəmanət altına almaq məqsədilə SoftBank və OpenAI-ın investoru olduğu "SB Energy" ilə tərəfdaşlıq müqaviləsi bağlayıb. Müqavilə çərçivəsində "Nvidia" 105 milyard dollara qədər maliyyə zəmanəti təmin edə biləcək.
Təsisatın əsas müştərisi və 20 illik icarəçisi "OpenAI" olacaq. Mərkəz müstəsna olaraq "Nvidia"nın süni intellekt prosessorları və infrastrukturuna ev sahibliyi edəcək. İlk 800 meqavatlıq gücün 2028-ci ildə istifadəyə verilməsi nəzərdə tutulur.
İnşaat prosesinin 2032-ci ilədək davam etməsi və 35 min tikinti, eləcə də 2 500 daimi iş yeri yaratması gözlənilir. Mərkəzdə su sərfiyyatını azaltmaq üçün təkrar dövriyyə sistemindən istifadə ediləcək və bütün enerji xərcləri layihənin özü tərəfindən qarşılanacaq.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026