Trampla bağlı kripto şirkəti Çin süni intellekt modellərini təklif edən platforma ilə əməkdaşlıq edir

21:55 - 17.08.2026


17 avqust, Fineko/abc.az. Donald Trampın dəstəklədiyi "World Liberty Financial" kripto şirkəti Honq Konqda yerləşən "WorldClaw" süni intellekt platforması ilə əməkdaşlıq edir.

"Reuters" agentliyinin araşdırmasına görə, "WorldClaw" platformasında təqdim olunan 90 süni intellekt modelinin 43-ü (təxminən yarısı) ABŞ administrasiyası tərəfindən milli təhlükəsizlik riski kimi qeydə alınan "Alibaba", "Baidu" və "Z.ai" kimi Çin texnologiya şirkətlərinə məxsusdur.

Platforma xidmət haqqı kimi "World Liberty"nin USD1 steyblkoinlərini qəbul edir. Tramp ailəsinin "World Liberty"də 38%-lik paya malik olması səbəbindən bu əməliyyatlardan gəlir əldə etdiyi bildirilir.

Əməkdaşlıq hüquqi cəhətdən hər hansı qanunsuzluq təşkil etməsə də, ekspertlər bunu Vaşinqtonun Çin texnologiyalarına qarşı tutduğu sərt mövqe ilə ziddiyyət təşkil etdiyini vurğulayırlar. Ağ Ev isə tərəflər arasında hər hansı maraqlar toqquşmasının olmadığını bəyan edib.