“AÇG” və “Şahdəniz” yataqlarından hasil edilən neft həcmi açıqlanıb

14:56 - 11.07.2024


11 iyul, Fineko/abc.az. Cari ilin yanvar-iyun ayları ərzində ölkədə təxminən 14,4 milyon ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən ABC.AZ -a bildirilib ki, respublika üzrə neft hasilatının 8,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (AÇG), 2,1 milyon tonu (kondensat) “Şahdəniz”in, 0,3 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 3,8 milyon ton təşkil edib.

Hesabat dövründə təxminən 11,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub. Bunun 10,3 milyon tonu konsorsiumun, 1,6 milyon tonu isə SOCAR-ın payına düşür.

Bu ilin altı ayında ölkədə neftin emalı 3,23 faiz artaraq 3,2 milyon ton təşkil edib. 2024-cü ilin iyun ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 585 ton olub. Bunun 65 597 tonunu xam neft, 14 988 tonunu kondensat təşkil edib.