İstilik qurğularının texniki istismarına dair yeni tələblər təsdiqləndi

11:16 - 19.08.2026


19 avqust, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov "İstilik qurğularının texniki istismar Qaydaları"nın təsdiq edilməsi barədə yeni qərar imzalayıb.

"İstilik təchizatı haqqında" qanuna əsasən hazırlanan bu sənəd istilik təchizatı sahəsində avadanlıqların istismarı üzrə məcburi normativləri müəyyənləşdirir.

Qaydaların əsas məqamları:

  • Əhatə dairəsi: Mütləq buxar təzyiqi 4 MPa-dək və su temperaturu 200°C-dək olan istilik qurğularına, buxar/su istilik sistemlərinə və nasos stansiyalarına şamil edilir. Fərdi istilik sistemləri, İES-lər, gəmilər və nəqliyyat vasitələri bu siyahıya daxil deyil.

  • Təhlükəsizlik və izolyasiya: Qurğuların elektrik hissələri elektrik təhlükəsizliyi qaydalarına, isti boru və çənlər isə AzDTN 2.12-6 normalarına uyğun istilik izolyasiyası ilə təmin olunmalıdır. Boruların rənglənməsi ГОСТ 12.4.026-2015 standartına uyğun həyata keçirilməlidir.

  • İxtisaslı heyət və məsuliyyət: İstismar işləri xüsusi hazırlıq keçmiş heyət və ya podratçı tərəfindən aparılmalıdır. Cavabdeh şəxs inzibati-texniki heyətdən təyin olunur. İstehlakçı və paylayıcı arasında məsuliyyət hüdudları balans mənsubiyyəti sərhədi ilə müəyyən edilir.

  • Nəzarət: Qaydaların icrasına və enerjidən səmərəli istifadəyə nəzarəti Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirəcək.