Bu il “Abşeron” yatağından 1.5 milyard kubmetr qaz hasil olunacaq - Proqnoz

10:40 - 7.06.2024


7 iyun, Fineko/abc.az. Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından 1.5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.

ABC.AZ xəbər verir ki, bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, 2024-cü ildə “Abşeron” yatağından 523 min ton qaz kondensatın hasil ediləcəyi gözlənilir.

Qeyd olunur ki, yataqda hasilata başlanılandan (iyul, 2023) 01.05.2024-ə qədər 1.2 mlrd. kubmetr qaz və 484 min ton kondensat hasil olunub.

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard m³ qaz və 45 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və TOTAL-ın birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.