“Şahdəniz” yatağında gündəlik təxminən 72 milyon kubmetr qaz hasil olunur

16:06 - 14.02.2024


14 fevral, Fineko/abc.az. Hazırda Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında gündəlik təxminən 72 milyon kubmetr qaz hasil olunur və bu səviyyəni bir neçə il ərzində saxlamağı planlaşdırılır.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə BP şirkətinin Xəzər və Yaxın Şərq regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli CBC TV-yə müsahibəsində bildirilib.

Onun sözlərinə görə, yeni layihələr hesabına bu səviyyəni bir neçə il ərzində saxlamağı çalışılacaq.

B. Aslanbəyli bildirib ki, 2023-cü ilin yekunlarına əsasən Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağında 26 milyard kubmetr qaz və 4 milyon ton kondensat hasil edilib: “Şirkət yataqdan təbii qaz hasilatını fantastik səviyyədə olan istehsal göstəricisi ilə davam edir. Bizim əməliyyatların məhsuldarlığı 100% təşkil edir. Bu, hazırda imkanların faktiki olaraq maksimum həddidir, yəni qaz ehtiyatları hasilatının pik həddinə çatmışıq”.