Çindən Azərbaycana qidalar idxal edən bəzi şirkətlərə xəbərdarlıq edildi

14:25 - 5.04.2023


5 aprel, Fineko/abc.az. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən ötən dövr ərzində müvafiq tədbirlər icra edilmiş və hazırda xarici ölkələrdə fəaliyyət göstərən, ölkəmizə qida məhsullarını tədarük edən şirkətlər və onların istehsal obyektlərinin təsdiqi həyata keçirilməkdədir.

ABC.AZ xəbər verir ki, Çindən də ölkəmizə bir sıra qida məhsulları gətirilir ki, onların da içərisində xüsusi risk qrupuna daxil olan baytarlıq nəzarətinə aid yüklər var.

Bunlardan iribuynuzlu mal-qara əti, ördək əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulları göstərmək olar.

AQTA Çindən ölkəmizə qida məhsullarının ixracını həyata keçirən və bu ölkədən həmin məhsulların təchizatını təmin edən şirkətlərə xəbərdarlıq edərək bəyan edir ki, müvafiq qida obyektləri “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanunun müvafiq bəndinə uyğun təsdiq olunmalıdır.