11:32 - 15.03.2023
15 mart, Fineko/abc.az. Naxçıvanda ət son günlər kəskin bahalaşıb. Bunun səbəbinin muxtar respublikadan ət ixracına qoyulan qadağanın aradan qaldırılması olduğu bildirilir.
ABC.AZ xəbər verir ki, yerli sakinlərin “Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, mal ətinin qiyməti 9 manatdan 14 manata, quzu əti isə 13 manatdan 18-ə qaldırılıb.
Şərur rayon sakini Zaur Nəsirov deyir ki, Naxçıvanda ətin qiyməti Bakıya nisbətən həmişə ucuz olub. Lakin sonuncu dəfə ət almağa gedəndə gözlərinə inanmayıb:
“İndiyə kimi bu cür qiymət artımı olmamışdı. Əvvəl qalxanda 1-2 manat qalxırdı. Naxçıvanda həmişə 3-4 manat ucuz olub ət. İndi isə bir neçə günün içində haradasa Bakı ilə eyni olub.
Son zamanlara qədər bazarda ən yaxşı mal əti 10-11 manata idi. Topdan daha da ucuz ala bilirdik. Yas yerimiz var idi, topdan həmişə aldığım yerdən ət almağa getdim. Əvvəllər topdan 8 manata aldığım dana ətini 13 manata dedilər. Pərakəndə qiyməti isə 14 manat olub. Pərakəndə satılan yaxşı quzu ətinin qiyməti 18 manatdır”.