"Qırmızı dəhliz"dən istifadə kəskin azalıb

11:51 - 20.12.2022


20 dekabr, Fineko/abc.az. Azərbaycanın gömrük sərhədlərində "Qırmızı dəhliz"dən keçid nisbəti ötən il 70% olduğu halda, bu il 7% təşkil edib.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən "Gömrük islahatları: Çağırışlar və imkanlar" mövzusunda ictimai müzakirələrdə Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsi rəisinin müavini Əsgər Məmmədov bildirib.

“Qırmızı dəhliz” əvvəlcədən elektron formada təqdim olunmuş qısa idxal bəyannaməsi əsasında aparılmış gömrük nəzarətinə, eləcə də risk qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq, gömrük məqsədləri üçün lazım olan məlumatların və sənədlərin, eləcə də malların və nəqliyyat vasitələrinin, habelə tələb olunan hallarda şəxsin yoxlanmasını nəzərdə tutan buraxılış sistemidir.

"Əvəzində "Sarı dəhliz"in və "Yaşıl dəhliz"in payı artıb", - deyə o qeyd edib.