Azərbaycanın xaricə elektrik enerjisi ixracı açıqlanıb

12:07 - 20.10.2022


20 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi energetika naziri Pərviz Şahbazov ölkənin elektrik enerjisinin istehsal gücü ilə bağlı məqalə ilə çıxış edib.

ABC.AZ xəbər verir ki, məqalədə nazir qeyd edib ki, generasiya gücünün artırılması ilə yanaşı elektrik enerjisi şəbəkəsində də nailiyyətlər əldə edilib:

“Belə ki, hazırda ümumi gücü 28619 MVA olan 110-500 kV-luq 240 yarımstansiya istismardadır. Ötən il Azərbaycanda 27,8 milyard kVt/saat istehsal, 1,67 milyard kVt/saat ixrac göstəriciləri ilə elektrik enerjisinin istehsalı və ixracı xeyli dərəcədə yüksəlib. 2021-ci ildə 23,4 milyard kVt/saat elektrik enerjisi istehlak edilib. Bu ilin 9 ayı ərzində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə elektrik enerjisinin istehsalı 807 milyon kVt/saat artımla 21,5 milyard kVt/saat, ixracı isə 775,5 milyon kVt/saat artaraq 1,8 milyard kVt/saat təşkil edib”.

P. Şahbazovun sözlərinə görə, bu il Türkiyəyə 940,5 milyon kVt/saat, Gürcüstana 694,1 milyon kVt/saat, İrana 95,6 milyon kVt/saat, Rusiyaya 75,6 milyon kVt/saat elektrik enerjisi ixrac edilib:

“Elektrik enerjisinin idxalı isə bu dövrdə azalaraq 104,9 milyon kVt/saat olub”.