Ağcabədi şəhərində binaların su sistemləri yenidən qurulur

15:17 - 17.02.2022


17 fevral, Fineko/abc.az. Ağcabədi şəhəri İsmət Qayıbov küçəsində çoxmənzilli yaşayış binaların mərkəzləşdirilmiş su təchizatı sisteminə qoşulması və binadaxili sistemlərin yenidən qurulması məqsədilə yeni layihə hazırlanıb və icrasına başlanıb.

“Azərsu” ASC-dən ABC.AZ-a verilən məlumata görə, layihəyə əsasən, binaların su təchizatı bundan sonra Ağcabədi şəhərinin şəbəkəsindən aparılacaq. Bu məqsədlə şəhər şəbəkəsindən əraziyə 600 metr uzunluğunda su xətti çəkilir. Binaların hər bir mənzili yeni çəkilən şəbəkəyə qoşulacaq və sayğaclar quraşdırılacaq.

Binaların mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinə qoşulmasını təmin etmək üçün 800 metr uzunluğunda tullantı su xətləri çəkiləcək və Ağcabədi şəhərinin mövcud kanalizasiya şəbəkəsinə birləşdiriləcək.

Yeni layihənin icrası nəticəsində 7 binada yaşayan sakinlərin içməli su və tullantı su xidmətlərindən istifadəsi yaxşılaşacaq.