10:30 - 24.12.2019
24 dekabr, Fineko/abc.az. İqtisadçı ekspert Samir Əliyev sosial şəbəkədəki hesabında üzən məzənnəyə keçid barədə maraqlı və faydalı ola biləcək paylaşım edib.
ABC.AZ xəbər verir ki, ekspert bildirib ki, “üzən məzənnə"nin ağır fəsadı manatın bir gecədə dəyərini ABŞ dollarına münasibətdə 32,3% itirməsi oldu.
Həmin gün olanları xatırlayan ekspert qeyd edib ki, sonrakı dövrlərdə Azərbaycan Mərkəzi Bankı bu termini bir qədər redaktə olunaraq cəmiyyətə “tənzimlənən üzən məzənnə” kimi təqdim etdi: “Mərkəzi Bank (AMB) həmin gün dolların manata olan rəsmi məzənnəsini 1,05 manatdan 1,55 manata qədər artırdı. Bu tam üzən məzənnəyə keçidə doğru ilk addım kimi dəyərləndirildi. 2016-cı ildə qəbul edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”ndə strateji hədəflərdən birinə nail olmağın elementlərindən biri kimi qeyd edilib. Tədbirlər planında tam üzən məzənnəyə keçid 2017-ci il hədəflənsə də sonradan onun müddəti 2020-ci ilə kimi uzadıldı. Bu addım hökumətin tam üzən məzənnəyə keçidlə bağlı qərarının tələsik olmasının etirafı idi. Sonrakı dövrdə AMB-nin rəhbərinin keçid üçün ilkin şərtlərin olmasının vacibliyini qeyd etməsi hökumətin bu qərarı düşünmədən atdığını sübut etdi. Halbuki həmin dövrdə müstəqil ekspertlər mövcud şərtlər daxilində üzən məzənnəyə keçidi mümkünsüz hesab edirdilər. Artıq üzən məzənnəyə keçid qərarından 4 il keçib. Hələ də manatın bu rejimə keçidi ilə bağlı müzakirələr səngimir. Ekspertlərin bir qismi üzən məzənnə rejiminə keçidi indiki şəraitdə mümkünsüz saysa da, bu fikri bölüşməyənlər də var. Mən də birinci qrup ekspertlərlə həmrəyəm və hesab edirəm ki, indiki şərtlər daxilində üzən məzənnəyə keçid nəinki mümkün deyil, hətta deyərdim məqsədəuyğun deyil”.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026