Azərbaycanda “Dövlət auditi” informasiya sistemi (DAİS) yaradılır — Prezident Fərman imzaladı

14:34 - 14.08.2026


14 avqust, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət auditi” informasiya sisteminin (DAİS) yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.

Fərmanla sistemin yaradılması ilə yanaşı, “Dövlət auditi” informasiya sistemi haqqında Əsasnamə” də təsdiq olunub. Nazirlər Kabinetinə Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Tapşırıqlar və icra mexanizmi:

  • Hesablama Palatası DAİS-in formalaşdırılması, aparılması, fəaliyyətinin təşkili və inkişafı üçün zəruri tədbirlər görəcək;

  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə sistemin “Hökumət buludu”nda (G-cloud) yerləşdirilməsi, aparılması və təkmilləşdirilməsi, habelə vahid reyestrlərə daxil edilməsi təmin olunacaq;

  • RİNN və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti sistemin informasiya təhlükəsizliyi və inteqrasiyası tələblərinə uyğunlaşdırılmasını həyata keçirəcək;

  • Məlumatların Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə əldə olunması məqsədilə dövlət qurumları ilə birlikdə 3 ay müddətində zəruri tədbirlər görüləcək və dövlət başçısına məlumat veriləcək.