14:20 - 6.08.2026
6 avqust, Fineko/abc.az. 2026-cı ilin birinci yarısında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasilat gündəlik orta hesabla 323 min barel və ya ümumilikdə təxminən 59 milyon barel (8 milyon ton) təşkil edib. Bu barədə "bp Azerbaijan" şirkətinin hesabatında bildirilib.
Altı ay ərzində platformalar üzrə gündəlik orta hasilat aşağıdakı kimi olub:
"Mərkəzi Azəri": 88 min barel
"Qərbi Azəri": 73 min 300 barel
"Dərinsulu Günəşli": 47 min barel
"Şərqi Azəri": 45 min barel
"ACE" (Mərkəzi Şərqi Azəri): 26 min 400 barel
"Qərbi Çıraq": 24 min barel
"Çıraq": 19 min 300 barel
İlin ilk yarısında AÇG üzrə fəaliyyətlərə 268 milyon dollar əməliyyat və 733 milyon dollar əsaslı (kapital) məsrəflər olmaqla, ümumilikdə 1 milyard dollardan çox vəsait yönəldilib.
Hesabat dövründə 4D seysmik tədqiqat məlumatlarının emalı tamamlanıb, "Dərinsulu Günəşli"də 5 quyuda sualtı müdaxilə işləri uğurla başa çatdırılıb (6-cı quyuda işlər davam edir). "Mərkəzi Azəri" platformasında qazın laylara vurulma gücünü artırmaq məqsədi daşıyan CAGE proqramı çərçivəsində 4 qazvurma kompressoru hasilat dayandırılmadan modernləşdirilib. Layihənin bu ilin sentyabrında tam yekunlaşması planlaşdırılır.
8 Avqust 2026
8 Avqust 2026