Orxan Nəzərli: Son 7 ildə fiskal daxilolmaların ÜDM-də xüsusi çəkisi 5–6% artıb

10:13 - 6.08.2026


6 avqust, Fineko/abc.az. Hazırda Azərbaycanda 880 mindən çox aktiv vergi ödəyicisi, 61 mindən çox aktiv ƏDV ödəyicisi və 242 mindən artıq aktiv təsərrüfat subyekti fəaliyyət göstərir.

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli AZƏRTAC-a və REAL Televiziyasına müsahibəsində bildirib.

Dövlət Vergi Xidmətinin rəisinin sözlərinə görə, son 7 il ərzində ümumi vergi daxilolmalarında qeyri-neft-qaz sektorunun payı 67%-dən 80%-ə, vergi daxilolmalarının ümumi daxili məhsuldakı (ÜDM) xüsusi çəkisi isə 9,4%-dən 12,7%-ə yüksəlib. Beynəlxalq metodologiyaya əsasən, gömrük daxilolmaları və sosial ödənişlər də nəzərə alındıqda, son 7 ildə ümumi fiskal daxilolmaların ÜDM-dəki payı 5–6% artıb.

Xidmət rəisi əlavə edib ki, bu artımın 2–3%-i sosial ödənişlərin, qalan hissəsi isə mənfəət və əlavə dəyər vergisi daxilolmalarının payına düşür. Bu müsbət dinamika vergi ödəyicilərinin könüllü əməletmə səviyyəsinin yüksəlməsi, stimul mexanizmləri və rəqəmsal transformasiya tədbirləri hesabına mümkün olub.