05:03 - 26.06.2026
26 iyun, Fineko/abc.az. Qlobal enerji təhlükəsizliyi və dəniz ticarəti üçün strateji əhəmiyyət kəsb edən Hörmüz boğazında kommersiya gəmilərinin hərəkətində kəskin aktivləşmə müşahidə olunur. Ötən gün boğazdan 70 ticarət gəmisi keçib ki, bu da cari ilin 28 fevral tarixindən bəri qeydə alınan ən yüksək günlük göstəricidir.
ABC.AZ "Kpler" məlumat analitika şirkətinin statistikasına istinadən xəbər verir ki, ABŞ/İsrail-İran müharibəsinin başladığı 28 fevraldan əvvəl boğazdan gündəlik orta hesabla 130 gəmi keçdiyi halda, hərbi əməliyyatların başladığı gün bu rəqəm 78-ə düşmüş, sonrakı dövrdə isə müharibə öncəsi səviyyənin 90%-nə qədər daralmışdı. İyunun 14-də ABŞ və İran arasında əldə olunan və 18 iyunda qüvvəyə minən 14 maddəlik sülh mutabakatından sonra boğazda dəniz trafiki günlük bazda 100%-dən çox artıb.
Tranzit axınının əsas detalları:
Neft daşımaları: Boğazdan keçən gəmilər arasında BƏƏ, Səudiyyə Ərəbistanı, İraq və İran limanlarından çıxan və ümumilikdə ən azı 11 milyon barrel xam neft daşıyan supertankerlər var.
Qərbə ilk tədarük: BƏƏ-dən təxminən 1 milyon barrel xam neft yükləyən Yunanıstan bayraqlı "Prudent Warrior" tankeri Avropaya doğru istiqamət alıb. Bu, müharibədən sonra Qərb ölkələrinə edilən ilk böyük neft sevkiyatıdır.
Digər yüklər: Neft tankerləri ilə yanaşı, boğazdan kütləvi şəkildə quru yük, maye qaz (LPG), taxıl və gübrə daşıyan gəmilərin də intensiv keçidi bərpa olunub.
Xatırladaq ki, müharibədən əvvəl Hörmüz boğazı vasitəsilə gündəlik 15 milyon barreli xam neft, 5 milyon barreli isə neft məhsulları olmaqla ümumilikdə 20 milyon barrelə yaxın enerji resursu daşınırdı.
24 İyun 2026
25 İyun 2026
24 İyun 2026