Hacıqabul Sənaye Parkında yeni rezident: 4,7 milyon manatlıq layihə icra olunacaq

12:33 - 13.08.2026


13 avqust, Fineko/abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) məlumatına görə, “Az Agromila” MMC-yə Hacıqabul Sənaye Parkının rezidenti statusu verilib.

Şirkət sənaye parkının ərazisində investisiya dəyəri 4,7 milyon manat olan yeni nəsil gübrə və biopestisidlərin istehsalı layihəsini həyata keçirəcək. Layihə çərçivəsində 40-dan çox yeni iş yeri yaradılacaq.

Hazırda Hacıqabul Sənaye Parkında 15 rezident və 3 qeyri-rezident sahibkarlıq subyekti fəaliyyət göstərir. İndiyədək sənaye parkına sahibkarlar tərəfindən 106,7 milyon manatdan çox investisiya yatırılıb və 570-dək daimi iş yeri açılıb.