Aİ Ermənistanın nəqliyyat infrastrukturunun inkişafına qoşulur — Brüsseldə memorandum imzalanıb

15:44 - 24.06.2026


24 iyun, Fineko/abc.az. Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (AİB) və Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi arasında Brüsseldə strateji memorandum imzalanıb. Sənəd Azərbaycan sərhədindən Türkiyə sərhədinə qədər olan magistral avtomobil yollarının hazırlanmasını nəzərdə tutur.

ABC.AZ xəbər verir ki, layihə çərçivəsində regional nəqliyyat əlaqələrini gücləndirmək və sərhəd-keçid məntəqələrini ölkənin ümumi yol şəbəkəsi ilə əlaqələndirmək məqsədilə iki əsas marşrutun — Axurik–Kayan (212 km) və Marqara–Kayan (258 km) layihələndirilməsi planlaşdırılır. İlkin mərhələdə AİB lazımi tədqiqatların aparılması və praktiki həllərin hazırlanması üçün ekspert və məsləhət dəstəyi təmin edəcək. Bu layihələr rəsmi İrəvanın regional nəqliyyat-logistika qovşağına çevrilməsini hədəfləyən "Sülh kəsişməsi" təşəbbüsü çərçivəsində icra olunur.