12:02 - 23.06.2026
23 iyun, Fineko/abc.az. Azərbaycanda torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi baza formalaşdırılması nəzərdən tutulur.
ABC.AZ xəbər verir ki, bu məqsədlə Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi planlaşdırılır.
Müvafiq qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin bugünkü birgə iclasında müzakirəyə çıxarılıb.
İclasda qeyd olunub ki, Torpaq Məcəlləsində dəyişiklik kənd təsərrüfatı torpaqlarının kiçik hissələrə parçalanmasının qarşısını almaq, torpaq resurslarından tam istifadə etmək məqsədi daşıyır. Çünki, parçalanma torpağın əkin məqsədilə istifadəsini azaldır, texnikadan səmərəli yararlanmaya mane olur, effektiv suvarma sistemleri qurulmasını çətinləşdirir, toxum, gübrə və digər aqrotexniki vasitələrdən məqsədyönlü istifadəni zəiflədir. Nəticədə istehsal xərcləri artır, məhsuldarlıq aşağı düşür, kənd ərazilərinin sosial-iqtisadi inkişafı ləngiyir. Bu sahəyə dair xüsusi hüquqi tənzimlənmənin olmaması isə torpaqların konsolidasiyasının ölkə miqyasında tam həyata keçirilməsinin qarşısını alır. Bu boşluğu aradan qaldırmaq məqsədilə Torpaq Məcəlləsinə yeni 13-2-ci maddə əlavə edilir. Həmin maddə torpaqların konsolidasiyasını kənd təsərrüfatı məqsədilə torpaq sahələrinin mülkiyyətçilərin razılığı və ekvivalent bazar dəyəri əsasında birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, dəyişdirilməsi nəticəsində mülkiyyət hüquqlarının yenidən rəsmiləşdirilməsi, eləcə də ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji və digər mühəndis-kommunikasiya infrastrukturu üzrə dəyişikliklərin həyata keçirilməsi prosesi kimi müəyyən edir.
24 İyun 2026
24 İyun 2026