Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir

11:52 - 23.06.2026


23 iyun, Fineko/abc.az. Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə cərimə dəyişir, məsuliyyətdən azad edilmə halı olacaq.

ABC.AZ xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrinin birgə iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Qüvvədə olan qanuna əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. “Az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür.

Layihəyə əsasən, “dispozisiyadan “az miqdarda” sözü çıxarılır, sanksiya azaldılır, inzibati məsuliyyətdən azat etmə halı müəyyənləşir. Başqa sözlə, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə ediləcək.