Türkiyə Bosfor və Dardanel boğazlarından keçid haqqını 15% artırır

12:00 - 16.06.2026


16 iyun, Fineko/abc.az. Türkiyə hakimiyyəti 1 iyuldan etibarən Bosfor və Dardanel boğazlarından keçən gəmilər üçün rüsumları illik tarif yenilənməsi çərçivəsində 15% artıracaq.

ABC.AZ NTV telekanalına istinadən xəbər verir ki, yeni tarif üzrə ödəniş 1 ton üçün 6,7 dollar təşkil edəcək. Ötən ilin iyulundan bu məbləğ 5,83 dollar idi. Rüsumlar 1936-cı il Montrö Konvensiyasına əsasən gəmilərin tonnajına görə hesablanır.

2022-ci ildən etibarən Türkiyə boğazlardan keçid tariflərini hər il artırır. Bundan əvvəl rüsum 1 ton üçün 0,8 dollar idi. Nəqliyyat Nazirliyinin məlumatına görə, 2025-ci ildə bu boğazlardan 40 mindən çox gəmi keçib. Gəmilər üzrə orta ödəniş 15–30 min dollar arasında dəyişir. Toplanan vəsaitlər əsasən sahil xidmətləri, xilasedicilər, tibb xidmətləri və dəniz qəzalarının nəticələrinin aradan qaldırılmasına yönəldilir.