11:34 - 12.06.2026
12 iyun, Fineko/abc.az. Heyvandarlıq da Dövlət Proqramının əsas istiqamətlərindən biridir. Xüsusilə iribuynuzlu heyvandarlıq sektorunda süd və mal əti istehsalının artırılması, cins heyvanların sürüdə payının yüksəldilməsi, idxaldan asılılığın azaldılması və özünütəminetmə səviyyəsinin artırılması əsas hədəflər kimi müəyyən olunub.
ABC.AZ xəbər verir ki, bu barədə kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində İsmayıllıda Dağlıq Şirvan iqtisadi rayonu üzrə keçirilən regional müşavirədə bildirib.
Onun sözlərinə görə, 2030-cu ilə qədər süd istehsalının 11 faiz, mal əti istehsalının 21 faiz artırılması hədəflənir: Cins heyvanların sürüdə payının 5,6 dəfə artırılması nəzərdə tutulur. Süd idxalının 49,6 faiz, mal əti idxalının isə 40,2 faiz azaldılması qarşıya məqsəd qoyulur. Özünütəminetmə səviyyəsində də süd üzrə 8,5 faiz, mal əti üzrə 11,5 faiz artım nəzərdə tutulur. Bu hədəflərə çatmaq üçün südlük və ətlik klasterlərin yaradılması, klaster daxilində müxtəlif tutuma malik 1000-ə yaxın yeni təsərrüfatın formalaşdırılması və bu təsərrüfatların cins damazlıq heyvanlarla təmin edilməsinin dəstəklənməsi nəzərdə tutulur. Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir.
İlhamə Qədimova qeyd edib ki, iribuynuzlu bütün heyvanların identifikasiyasının aparılması da mühüm tədbirdir: "Heyvanların identifikasiyası xəstəliklərə nəzarət, damazlıq işinin təşkili, məhsuldarlığın izlənməsi və subsidiyaların şəffaf tətbiqi baxımından vacibdir". ©APA
10 İyun 2026
10 İyun 2026
10 İyun 2026