İran münaqişədən sonra Hörmüz boğazında gəmiçilik üçün yeni qaydalar planlaşdırır

14:31 - 18.03.2026


18 mart, Fineko/abc.az. İran ABŞ və İsraillə müharibədən sonra Hörmüz boğazından gəmilərin keçidi üçün yeni qaydalar hazırlamağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçı martın 18-də “Al Jazeera” telekanalına müsahibəsində bildirib.

Əraqçının sözlərinə görə, bu addım daimi əsasda təhlükəsiz gəmiçiliyin təmin edilməsi üçün zəruridir. O vurğulayıb ki, bunun üçün İranın və bütövlükdə regionun maraqları nəzərə alınmaqla aydın qaydalar hazırlanmalıdır.

Nazirin fikrincə, boğazda təhlükəsizliyin təminatçıları onun sahilində yerləşən ölkələr — İran, Oman və Birləşmiş Ərəb Əmirlikləri olmalıdır.

Xatırladaq ki, CNN-in məlumatına görə, İran yükü Çin yuanı ilə ödənilməyən bütün gəmilər üçün Hörmüz boğazını bağlamaq imkanını nəzərdən keçirir.

ABŞ və İsrailin İrana hücumundan və dünya neftinin təxminən 20%-nin daşındığı Hörmüz boğazının faktiki bağlanmasından sonra neftin qiyməti 100 dollardan yuxarı qalxıb.