Polşanın dövlət borcu bir ildə rekord 322,6 mlrd zlotı artıb

11:18 - 3.03.2026


3 mart, Fineko/abc.az. Polşanın dövlət borcu 2025-ci ildə rekord həddə — 322,6 mlrd zlotı (89 mlrd dollar) artıb.

ABC.AZ xəbər verir ki, dekabrın sonuna dövlət xəzinəsinin (Skarb Państwa) ümumi borcu 1 951,9 mlrd zlotıya çatıb ki, bu da illik müqayisədə təxminən 20% çoxdur. Təkcə dekabr ayında artım 43,1 mlrd zlotı təşkil edib.

Artımın əsas səbəbi yüksək büdcə xərcləri, o cümlədən 275,6 mlrd zlotı həcmində büdcə kəsirinin maliyyələşdirilməsi olub. Daxili borc 301 mlrd zlotı, xarici borc isə 21,6 mlrd zlotı artıb. Yeni dövlət istiqrazlarının ən böyük alıcıları investisiyalarını əhəmiyyətli dərəcədə artıran Polşa bankları olub.

İlkin məlumatlara görə, 2026-cı ilin yanvarında borc daha 46,4 mlrd zlotı artıb. Hakimiyyət 2026-cı ilin sonuna qədər borcun əlavə 350 mlrd zlotı arta biləcəyini gözləyir ki, bu da müdafiə xərclərinin yüksəlməsi ilə bağlıdır.

2025-ci ildə müdafiəyə 187 mlrd zlotı (ÜDM-in 4,7%-i), 2026-cı ildə isə 200 mlrd zlotı ayrılması planlaşdırılır. Maliyyə Nazirliyi 2029-cu ilə qədər yüksək büdcə kəsirinin davam edəcəyini proqnozlaşdırır. Uzunmüddətli qiymətləndirmələrə əsasən, 2036-cı ilə qədər dövlət borcu ÜDM-in 107%-nə çata bilər.