10:11 - 4.02.2026
4 fevral, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri 0.25 faiz bəndi azaldılıb. Uçot dərəcəsi 6.5%, faiz dəhlizinin aşağı həddi 5.5%, faiz dəhlizinin yuxarı həddi isə 7.5% səviyyəsinə endirilib.
ABC.AZ xəbər verir ki, faiz dəhlizi ilə bağlı qərar qəbul edilərkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uyğunluğu, qlobal iqtisadi aktivlik və beynəlxalq maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi şəraitdə müşahidə olunan əsas meyillər, eləcə də pul siyasəti qərarlarının maliyyə bazarları və real sektora ötürücülüyü əsas götürülüb.
Hazırda illik inflyasiya hədəf daxilində qalmağa davam edir. Son 2 ayda inflyasiyanın dinamikasında azalma meyli müşahidə olunur. 2025-ci ilin dekabr ayında 12 aylıq inflyasiya 5.2% təşkil edib.
Qiymətlər illik əsasda qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.4%, ödənişli xidmətlər üzrə 5.7%, qeyri-qida məhsulları üzrə isə 2.5% artıb.
İllik baza inflyasiyası 2025-ci ilin dekabr ayında 4.8% təşkil edib ki, bu da inflyasiyanın qalıcı hissəsinin hədəfə yaxın olduğunu göstərir. Faktiki inflyasiya başlıca olaraq xarici və daxili xərc amillərindən təsirlənir. Valyuta bazarındakı stabillik qiymət sabitliyinin təmin edilməsində mühüm rol oynamağa davam edir. 2025-ci ildə mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını 423 mln. ABŞ dolları üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin 2025-ci ildə 2.6 faiz bəndi azalaraq 28%-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Bu şəraitdə 2025-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 5.1% artaraq 11.5 mlrd. ABŞ dollarına çatıb.