Bankların faiz marjası daha da genişlənib - AMB

10:28 - 2.12.2025


2 dekabr, Fineko/abc.az. İlin əvvəlindən bəri Azərbaycan bank sektorunda faiz dinamikası əhəmiyyətli şəkildə dəyişib - depozitlər üzrə gəlirlilik zəiflədiyi halda, kreditlər üzrə faiz yükü artmaqda davam edir. Bunun nəticəsində bankların faiz marjası daha da genişlənib və sektor rekord səviyyədə gəlirlilik nümayiş etdirib. Tənzimləyicinin xəbərdarlığına rəğmən banklar hələ ki, bu strategiyada dəyişikliyə getmək istəmədiyi görünməkdədir.

ABC.AZ Azərbaycan Mərkəzi Bankının statistik bülleteninə istinadən xəbər verir ki, 2025-ci ilin ilk 11 ayı ərzində manatla yeni cəlb olunmuş müddətli depozitlərin orta faiz dərəcəsi eniş meyli göstərib və noyabr ayında 6.70%-ə qədər düşüb. Halbuki, 2024-cü ilin dekabrında bu göstərici 8.71% təşkil edirdi.

Xarici valyutada depozit dekabrda 3.19% olan göstərici noyabrın əvvəlinə 2.76% səviyyəsinə enib.

Banklar tərəfindən verilmiş kreditlərin orta faizləri isə əksinə, ilin böyük hissəsində yüksələn dinamika ilə seçilib. Manatla kredit faizləri keçən ilin dekabr dekabr ayında 17.07% olduğu halda, noyabrda 18.72%-ə yüksəlib. İlin ortalarında 19%-a qədər yüksəlmişdi.

Xarici valyutada kredit faizləri də dalğalı olsa da, xüsusilə mart–aprel aylarında artım müşahidə olunsa da və ilin sonuna doğru 6.31% səviyyəsində olub.

Beləliklə, milli valyutada kredit və depozit fərqi (spread) cari ilin əvvəlində 8.36 faiz olduğu halda, 1 noyabr tarixinə 12.02 faizə yüksəlib. Bu, keçən ilin əvvəlindəki 8.22 faiz səviyyəsini xeyli üstələyir.