Azərbaycan Serbiya üçün enerji təchizatının vacib mənbəsidir - Serb nazir

15:23 - 24.10.2025


24 oktyabr, Fineko/abc.az. Serbiya və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün daha fəal plan lazımdır.

ABC.AZ xəbər verir ki, bunu Serbiya Baş nazirinin birinci müavini, maliyyə naziri Sinişa Mali Azərbaycanın maliyyə naziri Sahil Babayevlə görüşündə bildirib.

Tərəflər ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyətini, birgə layihələrin həyata keçirilməsini, perspektivli investisiya istiqamətlərini və qarşılıqlı fəaliyyətin genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Nazirlər qeyd ediblər ki, Serbiya və Azərbaycan arasında daha sıx iqtisadi tərəfdaşlıq, ticarət həcminin və qarşılıqlı investisiyaların artırılması üçün bütün ilkin şərtlər mövcuddur.

"Azərbaycan güclü və etibarlı münasibətlərimiz olan dost ölkədir. Bu ölkə etibarlı bir tərəfdaşdır ki, onunla bizi strateji əməkdaşlıq bağlayır. Azərbaycan, həmçinin Serbiya üçün enerji təchizatının vacib mənbəsidir", - S.Mali vurğulayıb.