Bakı aeroportundakı taksilərin qiyməti Konstutsiyaya uyğun deyil - Ombudsman

14:38 - 24.09.2025


24 sentyabr, Fineko/abc.az. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Heydər Əliyev adına Beynəlxalq Hava Limanında taksi xidmətinin həyata keçirilməsi sahəsində tətbiq edilən xüsusi tarif siyasəti nəticəsində yaranmış vəziyyətin bərabərlik hüququnun təmini baxımından monitorinq aparıb.

ABC.AZ xəbər verir ki, bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Məlumata görə, monitorinq nəticəsində müəyyən olunub ki, yeni qaydalar qiymətlərin süni şəkildə artırılmasına, sərnişinlərin seçim imkanlarının məhdudlaşdırılmasına, lisenziyalı taksi xidmətləri göstərən şəxslərə bərabər imkanların yaradılmamasına, sürücülərin iqtisadi itkilərlə üzləşməsinə və sosial narazılıqların yaranmasına səbəb olur.

Qeyd olunub ki, tətbiq edilən yeni tarif siyasəti Azərbaycan Konstitusiyasının 25-ci maddəsinin (Bərabərlik hüququ) və 59 maddəsinin (Azad sahibkarlıq hüququ), habelə Rəqabət Məcəlləsinin müddəalarına uyğun gəlmir.