Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması dövründə 6 yeni ekspress avtobus xətti fəaliyyətə başlayacaq

15:29 - 4.08.2026


4 avqust, Fineko/abc.az. Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin icrası müddətində sərnişinlərin rahat və fasiləsiz daşınmasını təmin etmək məqsədilə yerüstü ictimai nəqliyyatın fəaliyyəti gücləndiriləcək.

Bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, ilkin mərhələdə Yaşıl xətt üzərində yerləşən əsas stansiyaları Qırmızı xəttin nəqliyyat qovşaqları ilə birbaşa bağlayacaq 6 yeni ekspress avtobus marşrutunun təşkili nəzərdə tutulur. Eyni zamanda, mövcud müntəzəm avtobus xətlərinə də əlavə nəqliyyat vasitələri cəlb olunacaq ki, bu da sərnişinlərin metrodan istifadə etmədən şəhərin müxtəlif istiqamətləri arasında rahat hərəkətini təmin edəcək. Ekspress avtobusların dəqiq marşrutları, dayanacaqları və hərəkət intervalları barədə ətraflı məlumat avqustun 15-dək ictimaiyyətə təqdim olunacaq.