Mərkəzi Bank uçot dərəcəsinin azaldılması imkanlarını bu halda nəzərdən keçirəcək

11:40 - 12.03.2025


12 mart, Fineko/abc.az. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın uçot dərəcəsi qərarı barədə açıqladığı məlumatda qeyd edilib.

Sözügedən açıqlamada bildirilib ki, Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir.

Faktiki və proqnozlaşdırılan inflyasiyanın azalacağı təqdirdə faiz dəhlizi parametrlərinin azaldılması imkanları nəzərdən keçirilə bilər.

Bununla yanaşı, Mərkəzi Bank inflyasiya risklərinin reallaşması halında adekvat reaksiya verəcəkdir.

Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2025-ci il aprel ayının 23-də ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcəkdir.