Mərkəzi Bank uçot dərəcəsi barədə qərar verdi - Detallar

11:07 - 12.03.2025


12 mart, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.25%, faiz dəhlizinin aşağı həddi 6.25%, faiz dəhlizinin yuxarı həddi isə 8.25% səviyyəsində dəyişməz saxlanılıb.

ABC.AZ xəbər verir ki, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində (4±2%) olması, qlobal iqtisadi şərait, makroiqtisadi meyillərin təhlili və pul siyasəti qərarlarının real sektora ötürücülüyü nəzərə alınmaqla qəbul olunub.

Ötən iclasdan bəri illik inflyasiya hədəf diapazonu (4±2%) daxilində qalmaqda davam edib. Belə ki, 2025-ci ilin yanvar ayında 12 aylıq inflyasiya 5.4% olub. İllik qiymət artımı bu dövrdə ərzaq malları üzrə 5%, qeyri-ərzaq malları üzrə 2.6%, xidmətlər üzrə 8.4% təşkil edib. İllik baza inflyasiya isə 4.3% olub.