Dünya bankları 200 minə qədər işçisini azad edəcək

10:14 - 10.01.2025


10 yanvar, Fineko/abc.az. Dünya bankları insanları süni intellektlə əvəz edərək, yaxın 3-5 il ərzində 200 minə qədər iş yerini ixtisar edə bilər.

ABC.AZ xəbər verir ki, bu proqnozu dünən, yanvarın 9-da “Bloomberg Intelligence” (BI) analitikləri dərc ediblər.

“Rutin və təkrarlanan işləri əhatə edən istənilən iş ixtisar olunma riski altındadır. Lakin süni intellekt bu vəzifələrin tamamilə yox olmasına deyil, işçi qüvvəsinin transformasiyasına gətirib çıxaracaq”, – BI-nin baş analitiki Tomasz Notzel bildirib.

Onun sözlərinə görə, 200 min iş yeri qlobal bank sektorunda ümumi işçi qüvvəsinin təxminən 3%-ni təşkil edir. Eyni zamanda, BI sorğusunda iştirak edən bank menecerlərinin dörddə biri hesab edir ki, yaxın illərdə işçi qüvvəsi daha əhəmiyyətli dərəcədə azalacaq: 5-10%.