Azərbaycanda nağdsız ödənişlərin əhatə dairəsi genişləndirilir

12:30 - 23.12.2024


23 dekabr, Fineko/abc.az. Azərbaycanda 2025-ci ildən qiymətli daşların, qiymətli metalların, o cümlədən onlardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının, eləcə də avtomobil satışı istisna olmaqla rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə ümumi məbləği 15 min manatdan çox ödənişlərin nağdsız qaydada həyata keçirilməsə maliyyə sanksiyası tətbiq olunacaq.

ABC.AZ xəbər verir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilib.

İndiyənədək “Nağdsız hesablaşmalar haqqında” qanunda bu əməliyyatların yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən olunsa da, bununla bağlı qanun pozuntusuna görə Vergi Məcəlləsində hər hansı maliyyə sanksiyası nəzərdə tutulmurdu.

Avropa Şurasının MONEYVAL Komitəsi tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının qarşılıqlı qiymətləndirmə hesabatında müəyyən edilmiş çatışmazlıqların aradan qaldırılmasına dair qısamüddətli Tədbirlər Planı”nda “Nağdsız hesablaşmalar haqqında” qanunun pozulması ilə əlaqədar tövsiyələr əks olunub. Hazırki dəyişiklik adıçəkilən qanunda nəzərdə tutulmuş tələbin pozulmasına görə məsuliyyət tədbirinin müəyyən edilməsi ilə bağlıdır.