15:30 - 13.12.2024
13 dekabr, Fineko/abc.az. “Azexport” portalının rəhbəri Ayxan Qədəşovun İstanbul şəhərinə səfəri çərçivəsində “Tradexter Global” şirkəti arasında anlaşma memorandumu imzalanıb.
ABC.AZ xəbər verir ki, tərəflər Azərbaycanda istehsal olunan malların Türkiyə bazarına çıxarılmasında birgə əməkdaşlıq edəcəklər.
“Azexport” portalının rəhbəri Ayxan Qədəşov bildirib ki, Türkiyə bazarı Azərbaycan məhsullarının diversifikasiyası üçün ciddi əhəmiyyətə malikdir: “İl ərzində Türkiyəyə 55 milyondan artıq xarici turist səfər edir. Belə böyük ziyarətçi kütləsi olan bazarda daha geniş şəkildə təmsil olunmaq ciddi əhəmiyyət kəsb edir. Bu ziyarətçilər arasında Azərbaycan mallarının potensial müştəriləri olan iri beynəlxalq topdansatış şəbəkələri nümayəndələri, həmçinin yeni məhsul axtarışında olan iş adamları da mövcuddur. Bu baxımdan, Azərbaycan məhsullarının Türkiyədə daha geniş təmsil olunması Türk Dövlətləri arasında ticarət əlaqələrinin daha da artması ilə yanaşı, həm də məhsullarımızın beynəlxalq səviyyədə tanınmasında ciddi əhəmiyyətə malikdir.”
Qeyd edək ki, Türkiyə bazarında yerləşən e-ticarət platformaları və market şəbəkələrində təmsil olunmaq istəyən sahibkarlar Azexport portalı vasitəsilə müraciət edə bilərlər. Portal tərəfindən göstərilən xidmətlərə görə faiz və ya komissiya nəzərdə tutulmayıb.