16:48 - 29.10.2024
29 oktyabr, Fineko/abc.az. Mərkəzi Bank bu ilin yanvar-sentyabr ayları üzrə vaxtı keçmiş kreditlərin bankların hesabatları ilə açıqladığı rəqəmlər arasında yaranan fərqin səbəbini açıqlayıb.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, tənzimləyici orqandan bu, yanaşmanın fərqindən irəli gəldiyini bildiriblər. Belə ki, Mərkəzi Bankın statistik bülletenində Beynəxalq Valyuta Fondu tərəfindən istifadə olunan yanaşma əsas götürülür və açıqlanan rəqəmlər kreditin əsas borcu üzrə 30 gündən çox gecikən hissəsini əhatə edir. Lakin, banklar tərəfindən isə bank nəzarəti üzrə beynəlxalq təcrübədə istifadə olunan prudensial yanaşmaya əsasən açıqlanan vaxtı keçmiş kreditlərin (30+ gün) məbləğində kreditin əsas borc üzrə qalığı tam olaraq göstərilir.
Qeyd edilib ki, Mərkəzi Bank tərəfindən aylıq əsasda prudensial yanaşmaya uyğun olaraq qeyri-işlək kreditlərin (90 gündən çox gecikən) həcmi də rəsmi internet saytında açıqlanır. Bu göstərici 30.09.2024-cü il tarixinə 707.3 mln. manat təşkil edib.