Azərbaycan qazının Türkiyəyə tədarükü müvəqqəti dayandırılacaq

11:22 - 26.07.2024


26 iyul, Fineko/abc.az. Azərbaycan qazının Türkiyəyə tədarükü avqustda ixrac qaz boru kəmərində aparılan texniki xidmət işləri ilə əlaqədar bir neçə gün müddətinə dayandırılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin dövlət neft-qaz şirkəti BOTAŞ məlumat yayıb.

“Şahdəniz” qaz kəmərində planlaşdırılan texniki xidmət və təmir işləri ilə əlaqədar olaraq Türkiyənin milli qaz paylama şəbəkəsinə “Türkgözü” giriş nöqtəsindən beş gün ərzində – 31 iyul – 5 avqust tarixlərində, Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) “Seyitqazi” giriş nöqtəsindən isə dörd gün ərzində – 5-9 avqust tarixlərində təbii qazın verilməsi mümkün olmayacaq”, – məlumatda bildirilib.

Eyni zamanda, şirkət qeyd edir ki, planlaşdırılmış texniki xidmət və təmir işləri zamanı milli qazpaylayıcı şəbəkədə tələb və təklif balansını təmin etmək üçün tədbirlər görülüb.