16:37 - 13.12.2023
13 dekabr, Fineko/abc.az. BMT-nin iqlim konfransının (COP28) mədən yanacaqlardan tam imtina deyil, 2050-ci ilə qədər yalnız mərhələli keçməyə çağırışı göstərdi ki, dünya neft və qazdan istifadəni tamamilə dayandırmağa hazır deyil, ölkələrin iqtisadi baxıman böyüməyə ehtiyac var.
ABC.AZ xəbər verir ki, bu barədə "Rusenerqoproyekt" şirkətinin idarəedici direktoru Maksim Kanişev bildirib.
BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının Katibliyi çərşənbə günü COP28 üzrə Qlobal xülasə mətni üçün yeni bir layihə yayımlamışdı. Sənəd, 2050-ci ilə qədər sıfır emissiya balansına nail olmaq üçün mədən yanacaqlarından uzaqlaşmağın zəruriliyini qəbul edir. Lakin sənəd, Qərb ölkələrinin və bir sıra ada dövlətlərinin israr etdiyi kimi "mərhələli imtina" tələb etmir. COP28 prezidenti Sultan əl-Caber bəyan edib ki, sənədin son layihəsi heç bir etiraz olmadan təsdiqlənib.
"Bu cür qərarların səbəbi, ilk növbədə, dünyanın əvvəlki kimi iqtisadi artıma ehtiyacı olmasıdır. Bu, dünya ölkələrinin inkişafının əsas göstəricisidir. Və ötən müddət ərzində hamı başa düşdü ki, bərpa olunan enerjiyə keçid, mədən yanacaqlarında olduğu kimi eyni artımı təmin edə bilməyəcək", — deyə Kanişev bildirib.