Energetika sahəsində qiymətlərin müəyyənləşdirilməsi proseduru məlum olub

12:16 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Təbii inhisar subyektlərinin mal, iş və xidmətləri üzrə qiymətlər (tariflər) “Təbii inhisarlar haqqında” qanuna uyğun olaraq müəyyən edilir.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Energetika haqqında” yeni qanun layihəsində əksini tapıb.

Tənzimlənən qiymətlər (tariflər) müəyyən edilərkən müvafiq mal, iş və xidmətin maya dəyərinin ödənilməsi, həmin mal, iş və xidməti təchiz edən energetika subyektlərinin gəlir əldə etməsi, energetika obyektlərinin saxlanılması, yenilənməsi, bərpası xərclərinin ödənilməsi və enerji istehlakçılarının maraqlarının qorunması zərurəti nəzərə alınır. Energetika sahəsində tənzimlənən qiymətlər (tariflər) istisna olmaqla, digər qiymətlər energetika subyektləri tərəfindən sərbəst şəkildə müəyyən edilir.

Energetika subyektləri, habelə onların təqdim etdiyi mallar, işlər və xidmətlər haqqında məlumatlar həmin malları, işləri və xidmətləri təqdim edən energetika subyektlərinin rəsmi internet səhifələrində və ya mediada açıqlanır.