Ermənistan geri çəkildi - Zavod KÖÇÜRÜLÜR

11:03 - 14.09.2023


14 sentyabr, Fineko/abc.az. Arazdəyəndə, Azərbaycanla sərhəddə inşa olunan “erməni-amerikan” metallurgiya zavodu başqa yerə köçürülür. 

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası məlumat yayıb.

Aİ missiyası avadanlıqların köçürülməsi prosesində iştirak edir.

Qeyd edək ki, Ermənistanın regional ekoloji problem yarada biləcək yeni təşəbbüslərindən biri də Azərbaycanla həmsərhəd bölgədə və Türkiyə ilə sərhədə çox yaxın ərazidə - Arazdəyən kəndində 16500 kvadratmetr sahədə illik istehsal gücü 180000 ton olan 70 milyon dollarlıq iri metallurgiya zavodunu inşa etmək istəyi idi. Həmin ərazidə belə bir yeni zavodun tikilməsi və tullantıların Cənubi Qafqazın ikinci böyük çayı olan Araz çayına axıdılması nəinki bu çayın, eyni zamanda, Arpaçayın çirklənməsinə gətirib çıxara bilərdi. Tikiləcək zavodun fəaliyyəti nəticəsində havaya buraxılan zəhərli qaz fauna və floraya ciddi təsir göstərəcəkdi. Həmçinin metallurgiya zavodu fəaliyyətə başlayardısa, geniş zolaqda ətraf mühitin, ekosistemin pozulmasına, havanın zəhərli tullantılarla çirklənməsinə səbəb olacaqdı.