Son 8 ayda pərakəndə ticarət 3,2% artıb

16:17 - 12.09.2023


12 sentyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 35,7 milyard manatlıq, o cümlədən 20,2 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 4,5% artıb.

Bu ilin 8 ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,1%-i ərzaq məhsullarının, 4,4%-i içkilər və tütün məmulatlarının, 12,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i avtomobil benzini və dizel yanacağının, 4,8%-i elektrik malları və mebellərin, 2,3%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.