Neftin qiymətinin qalxması Azərbaycanın dövlət aktivlərinin artmasına təsir göstərir - Deputat

14:19 - 5.09.2023


5 sentyabr, Fineko/abc.az. Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 bareli üzrə qiyməti ötən günlə müqayisədə 1.20% və ya 1.13 dollar artaraq, 94.63 ABŞ dolları təşkil edib. Azərbaycanın 2023-cü il dövlət büdcəsində isə neftin bir barelinin qiyməti 60 ABŞ dolları dəyərində götürülüb. Göründüyü kimi, dünya bazarında neftin qiyməti dövlət büdcəsində nəzərdə tutulduğundan xeyli yüksəkdir.

ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bunun dövlət üçün faydalarından danışan deputat Vüqar Bayramov  bildirib ki, dünya bazarında neftin qiymətinin artması bir tərəfdən Dövlət Neft Fonduna, eləcə də, büdcəyə daxilolmalara birbaşa təsir göstərir.

“Xüsusilə nəzərə alsaq ki, neftin qiymətinin qalxması Azərbaycanın dövlət aktivlərinin artmasına təsir göstərir. Bu baxımdan təbii ki, neftin qiymətinin artması Azərbaycan üçün fiskal baxımdan əhəmiyyətlidir və büdcə gəlirlərindəki artımlar da nəticə etibarilə həm də xərcləmələrə birbaşa təsir göstərir. Əslində 2023-cü ilin dövlət büdcəsinə əlavə və dəyişikliklərin edilməsinin əsas səbəblərindən biri də neftin dünya bazarında qiymətinin proqnoz qiymətdən daha yüksək olması ilə əlaqədar idi" -deyə deputat bildirib.