Son 6 ayda Azərbaycanda 24,1 milyard kubmetr təbii qaz hasil olunub

16:33 - 30.08.2023


30 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində ölkədə 24,1 milyard kubmetr təbii qaz hasil olunub.

Energetika Nazirliyindən ABC.AZ-a daxil olan məlumata görə, bu dövrdə Azərbaycan qazının satış həcmi 12 milyard kubmetr olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 7,5 faiz çoxdur.

Yanvar-iyun ayları ərzində Türkiyəyə 5 milyard kubmetrə yaxın, Avropaya 5,7 milyard kubmetr, Gürcüstana isə 1,3 milyard kubmetr qaz ixrac olunub.

Qeyd etmək lazımdır ki, bu dövrdə Trans-Anadolu boru kəməri (TANAP) ilə Türkiyəyə 2,8 milyard kubmetrdən çox qaz ixrac edilib.

Azərbaycan Avropaya qazı Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə tədarük edir. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək genişləndirmə imkanı ilə 10 milyard kubmetr təşkil edir.