Azərbaycanda hər bir nəfər orta hesabla ayda 432 manat pul xərcləyib

15:19 - 12.07.2023


12 iyul, Fineko/abc.az. Bu ilin I yarısında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 12,5 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,6 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,4 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,5 %-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

ABC.AZ xəbər verir ki, bu rəqəmlər Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Məlumata görə, 6 ay ərzində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7%-ni təşkil edib.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 0,1%, fərdi sahibkarlar üzrə 4,1 %, bazar və yarmarkalarda 4,2% artıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 432,5 manatlıq, o cümlədən 244 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 188,5 manatlıq qeyri-ərzaq malları alıb.