Azərbaycan Gürcüstana ildə 13 milyon dollarlıq siqaret satacaq

14:37 - 7.07.2023


7 iyul, Fineko/abc.az. Azərbaycana məxsus "Tabaterra" QSC-nin dünyanın qabaqcıl tütün məmulatları istehsalçısı - "Japan Tobacco International" (JTİ) ilə əldə etdiyi razılaşma ölkəmizə illik olaraq 13 milyon ABŞ dolları civarında valyuta axınını təmin edəcək.

ABC.AZ xəbər verir ki, bunu səhmdar cəmiyyətinin direktoru Elman Cavanşir bildirib.

"Biz JTİ şirkəti ilə qlobal brendlərin istehsalı, o cümlədən də ixracıla bağlı tərəfdaşlığımızdan çox məmnunuq. Imzalamış olduğumuz ixrac sazişi "Tabaterra"nın beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli məhsullar istehsal etdiyinin bariz nümunəsidir. Bu, bizim beynəlxalq istehsalçı kimi mövqeyimizi möhkəmləndirməklə yanaşı ixrac imkanlarımızı daha da genişləndirir. Sözügedən ixrac sazişi Azərbaycan iqtisadiyyatına, eləcə də ölkəmizdə yerli istehsala əhəmiyyətli töhvə verəcək", - deyə o qeyd edib.