Ötən 3 ayda dükanlarda bu qədər qeyri-ərzaq malları satılıb

16:38 - 14.04.2023


14 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 13 milyard manatlıq, o cümlədən 7,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 5,6 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,1%, qeyri-ərzaq malları üzrə 4,1% artıb.

Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 52,2%-i ərzaq məhsullarının, 4,9%-i içkilər və tütün məmulatlarının, 14,7%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,4%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,3%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.